Yaxınlaşan ölüm anı

Hər keçən saniyə ölüm anına doğru daha da yaxınlaşdığınızı heç düşündünüzmü? Ölümünüz də həyatınız kimi həqiqətdir. Amma insanların böyük əksəriyyəti bu həqiqəti qulaqardına vurur. Dünya həyatına elə başları qarışır ki, sanki sonsuzadək burada yaşayacaqlar. Bir anlıq ölüm ağıllarına gəldikdə isə dərhal unutmağa çalışır və başlarını işlərinə qatırlar.

İnsanlar ölümü dünyaya dair işlər görərək unutmağa çalışırlar. Bir müddət sonra isə bu işlərlə dünyaya bağlanır, hiss və dərk etmə qabiliyyətini itirərək bu donuq həyatı yaşamağa başlayırlar. Beləcə, axirəti unudur və bəsit şəkildə ömürlərini davam etdirirlər. Həyata hərisliklə bağlanan bu insanlar müvəqqəti dünya işləri ilə məşğul olaraq bir gün öləcəklərini və Allaha hesab verəcəklərini unudurlar.

Bir çox insanlar isə ölümü düşünmək belə istəmir, ölüm anını özlərinin də yaşayacağını ağıllarına belə gətirmirlər. Hətta bəziləri elə düşünür ki, ölümü düşünməsələr, ölümlə qarşılaşmayacaqlar. Halbuki bu, batil inancdır. Xalq arasında ölümdən bəhs edən birinə dərhal müdaxilə edir və "Allah qorusun!" kimi ifadələrlə mövzunu bağlamağa çalışırlar. Halbuki ölümdən bəhs edən insan Allahın ayələrindən birini xatırladır və insanlar üzərindəki qalın qəflət pərdəsinin biraz da olsa qaldırılmasına vəsilə olur. Amma qəflət içində yaşamağa alışmış qafil insan kütləsi bu cür gerçəklərin xatırladılmasından narahat olur. Bu insanlar həyatda ikən ölümü düşünməkdən nə qədər qaçsalar, ölüm gerçəyi ilə qarşılaşdıqları zaman hiss etdikləri narahatlıq bir o qədər şiddətli olacaq. Bu dünyadakı qəflətləri nə dərəcə çox olsa, ölüm anında, Qiyamət günündə yaşadıqları dəhşət, təəccüb və əzab hissi də bir o qədər çox olacaq.

Zamanın keçməsinə baxmayaraq, yaşlanmağa və ölümə qarşı çıxa bilən tək bir insan belə göstərə bilməzsiniz. Ölməyən tək bir insan belə tapa bilməzsiniz. Çünki insan öz bədəninin və həyatının sahibi deyil. Yaşamağa qərar verib həyatını özünün başlatmaması bunun bir dəlilidir. Digər dəlili isə həyatını sona çatdıran ölümə müdaxilə edə bilməməsidir. Həyatın sahibi o həyatı ona verəndir və O, dilədiyi zamanda o həyatı geri alır. Həyatın sahibi olan Allah Peyğəmbərimizə (səv) vəhy etdiyi “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!” ayəsi ilə bunu xəbər verir.

İnsanların bir qismi daima həyatdan şikayət edir və dərin düşünmədikləri üçün yaşadıqlarının nə qədər bəsit olduğunu anlamırlar. Halbuki bitən hər gün, hər saat, hər dəqiqə Allah qatında vaxtı müəyyənləşdirilmiş ölüm anına doğru bizi bir az daha yaxınlaşdırır. Bu həqiqəti düşünən insan dünya işləri ilə məşğul olaraq şüursuz şəkildə yaşamaq yerinə hər an ölüm ehtimalı olduğunu düşünərək Allahı razı salmağa çalışar. Axirətdə onu gözləyən sonsuz həyat olduğunu və Cənnətə qovuşa bilmək üçün Allahın rizası üçün cəhd etməli olduğunu əsla unutmaz. Buna görə də bir gün mütləq Allahın hüzurunda hesab verəcəyi zamanın gələcəyini bilərək yaşayan insanın həyatı çox gözəl və keyfiyyətli olur. Hər zaman Allah sevgisi və Allah qorxusu ilə yaşamağın hüzurunu, rahatlığını və sonsuz Cənnət həyatının sevincini yaşayır. Dünya ehtiraslarından uzaqlaşmanın gözəlliyini və rahatlığını daima hiss edir. Dünyada sahib olduğu bütün nemətləri onu Allaha yaxınlaşdıracaq vəsilə olaraq gördüyü üçün hər zaman nemətdən zövq alaraq yaşayır. Yaşadığı hər anın hesabını Allaha verəcəyini bildiyi üçün ölüm anına qədər həyatı hüzurlu, dürüst, rahat və keyfiyyətli keçir. Amma, şübhəsiz ki, insanın ən böyük qazancı Allahın rizasıdır.

Təkcə indi dünyada milyardlarla insanın yaşadığını nəzərə alsaq, ilk insandan bu günə kimi saya bilməyəcəyimiz qədər çox insan yaşamışdır. Bu insanların hər biri istisnasız olaraq ölümlə qarşılaşmışdır. Bizdən əvvəlkilərin də, bizim də mütləq başımıza gəlmiş və ya gələcək olan qəti bir gerçəkdir ölüm. Heç kim bu qaçılmaz sondan özünü qurtara bilməz. Quranda bu mövzudan belə bəhs edilir:

Hər kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)

Buna görə də şüurlu davranan insan özü üçün müəyyənləşdirilmiş ölüm tarixinə doğru sürətlə yaxınlaşdığını unutmadan yaşamalıdır. Bunu düşünərək yaşamaq həm onun dünyadakı savabını artırar, həm də axirəti üçün özünə gözəl bir həyat hazırlayar. Allahın rizasını qazanmaq üçün dünyada edilən hər cəhd, əlbəttə ki, Rəbbimizin rəhmətini və Cənnətini qazanmaq üçün böyük bir vəsilədir. Şübhəsiz ki, doğrusunu Allah bilir. www.imtihaninsirri.com