Ruhun ölümü (Gerçək ölüm)

Necə öləcəyinizi və ya ölsəniz, nələr olacağını heç düşünmüsünüzmü?

Bu günə qədər öldükdən sonra dirilərək dünyaya qayıdan və nələr görüb, nələr hiss etdiyini söyləyən heç kim olmamışdır. Buna görə də ölümün necə olduğunu, insanın ölüm anında nələr hiss etdiyini bilməyimiz qeyri-mümkündür.

Amma insanı yaradan və ona verilən müddət bitdikdən sonra canını geri alan Allah ölümün necə olduğunu Kitabında bizə bildirmişdir. Buna görə ölümün necə gerçəkləşdiyini, can verən insanın, əslində nələr yaşayıb hiss etdiyini ancaq Qurandan öyrənə bilərik.

Qurana baxanda ölümlə bağlı çox mühüm həqiqət qarşımıza çıxır. Quranda xəbər verilən və təsvir edilən ölüm klinik ölümdən, yəni digər insanların gördüyü ölümdən çox fərqlidir.

Quranın bəzi ayələrində ölüm anında ölən insanın gördüyü, amma digər insanların görə bilmədiyi hadisələrin yaşandığından bəhs edilir. Vaqiə surəsində belə buyurulur:

(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. (Vaqiə surəsi, 83-85)

Başqa bir ayədə də bu “görülməyən hadisələr”in inkarçılar üçün ən çətin an olduğu belə bildirilir:

Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)

Möminlərin isə rahatlıqla canları alınır:

O kəslər ki, tərtəmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: 'Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!' (Nəhl surəsi, 32)

Bu ayələrdə bizə ölüm haqqında çox mühüm və dəyişilməz gerçəklər xəbər verilir: Ölüm anında ölən insanın yaşadıqları ilə kənardan ona baxan insanların gördükləri şeylər çox fərqlidir. Məsələn, azğın bir inkarçı kənardan baxıldıqda yuxuda ölmüş kimi görünə bilər. Halbuki o anda başqa aləmə keçən ruhu şiddətli əzab çəkir və ya tam əksinə, əzab çəkdiyi düşünülən möminin ruhu ayədə bildirildiyi kimi, rahatlıqla alınır.

Qısası, bədənin klinik ölümü ilə Quranda təsvir edilən ölüm, əslində, çox fərqlidir.

Ölüm əvvəlcə də bildirdiyimiz kimi, inkarçılar üçün böyük əzab, möminlər üçün isə böyük nemət və gözəllikdir. İnkarçıların canlarının çətinlik içində alındığı da Quranda bildirilir. Ayələrdə bu vəziyyət geniş təsvir edilir.

-Ölüm anında inkarçıların üzlərinə və arxalarına vurularaq canlarının alınması:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini boşa çıxartdı. (Muhəmməd surəsi, 27-28)

-Ölümün şiddətli sarsıntıları və mələklərin inkarçılara ölüm anında əbədi əzabı müjdələmələri:

...Zalımları ölüm girdabında olduqda mələklərin də əllərini uzadıb: 'Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!'(–dediklərini) bircə görəydin... (Ənam surəsi, 93) Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) 'Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir'. (Ənfal surəsi, 50-51)

Ayələrdən anlaşıldığı kimi, inkar edən birinin ölümü özü üçün böyük əzabdır. Kənardakı insanlar onun yatağında rahat şəkildə öldüyünü düşünə bilərlər. Əslində isə, o, fiziki və mənəvi cəhətdən çox ağır əzablar çəkir. Ölüm mələkləri işgəncə verərək və onu alçaldaraq canını alırlar. Quranda bu mələklər inkarçıların canlarını “And olsun (kafirlərin canını) zorla alanlara!” (Naziat surəsi, 1) olaraq təsvir edilirlər.

Digər ayələrdə belə buyurulur:

Xeyr, o (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman; 'Ovsunu kim oxuyacaq?'– deyiləcəkdir. (Can verən adam) (dünya həyatından) ayrıldığını yəqin edəcəyi zaman. (Qiyamə surəsi, 26-28)

İnkarçı həyatı boyu rədd etdiyi o böyük həqiqətlə qarşılaşır. Ölümlə birlikdə etdiyi ən böyük günahın, inkarının cəzasını çəkməyə başlayır. Mələklərin arxasına vura-vura canını işgəncə ilə almaları isə yaşayacağı sonsuz əzabın çox sadə bir başlanğıcıdır.

Mömin üçün isə ölüm böyük xoşbəxtlik və sevincin başlanğıcıdır. Ruhu işgəncə ilə alınan inkarçının əksinə, möminin ruhu “rahatlıqla alanlar” tərəfindən (Naziat surəsi, 2), “tərtəmiz olduqları halda”“salamla” (Nəhl surəsi, 32), sanki yuxuda ruhun rahatlıqla bədəndən ayrılıb başqa aləmə keçməsi kimi alınır.

Ölüm həqiqəti məhz budur. Kənardan insanlar yalnızca klinik ölümü görürlər; həyati funksiyaları bitmək üzrə olan bir bədən görürlər. Ölən insanı seyr edənlər nə onun üzünə və arxasına vurulduğunu, nə ayaqlarının dolaşdığını, nə də canının körpücük sümüyünə dirəndiyini görürlər. Bu görüntünü və hissləri yalnızca ölən insanın ruhu yaşayır. Halbuki gerçək ölümü kənardakı insanlar yox, sadəcə ölən insan görür. Başqa sözlə, ölüm anında yaşanan bu hadisə fərqli aləmə keçiddir.

  • Möminin ölümü:
    • -Mütləq gerçəkləşəcəyini bildiyi və həyatı boyu hazırlaşdığı ölümlə qarşılaşır.
    • -Canını almağa gələn mələklər ona salam verib, onu Cənnətlə müjdələyirlər.
    • -Mələklər rahatlıqla canını alırlar.
    • -Ruhu asanlıqla alınır.
    • -Arxasından gələcək möminləri müjdələmək, Allahın vədinin haqq olduğunu və möminlər üçün qorxu və narahatlıq olmadığını xəbər vermək istəyir. Amma buna icazə verilmir.
  • İnkarçının ölümü:
    • -Həyatı boyu qaçdığı ölümlə qarşılaşır.
    • -Ölümü şiddətli sarsıntılar içində baş verir.
    • -Mələklər əllərini ona uzadır və onu alçaldıcı və yandırıcı əzabla müjdələyirlər.
    • -Mələklər üzünə və arxasına vura-vura canını alırlar.
    • -Ruhu işgəncə ilə alınır.
    • -Ruhu körpücük sümüyünə qədər çəkilərək, əzab verilərək alınır.
    • -Canı o inkar içində olarkən, zorla alınır.
    • -Ölümlə qarşılaşdığı anda iman gətirməsi və tövbə etməsi qəbul edilmir.
    • -Həqiqəti görəndə etdiklərinə görə peşman olur və Allahdan onu dünyaya qaytarmasını və itirdiyi ömrünü yenidən yaşamağı istəyir. Amma bu istəyi qəbul edilmir.

Kənardan insanların gördüyü klinik ölüm də insana çox vacib dərslər verir. Klinik ölümlə insan bədəninin yox edilməsi insana bəzi gerçəkləri qavrama imkanı verir. Buna görə gerçək ölümlə birlikdə klinik ölümdən də bəhs etmək və hər birimizin bədəninin qoyulacağı məzar haqqında biraz düşünmək lazımdır.