Ölüm yeri,vaxtı və necə öləcəyimiz qədərdə yazılmışdır

Ölüm hər hadisə kimi Allahın diləməsi ilə xeyir və hikmətlə gerçəkləşir. İnsanın doğulduğu tarix bəlli olduğu kimi, ölüm tarixi də hələ o doğulmazdan əvvəl dəqiqəsinə, saniyəsinə kimi qədərində yazılmışdır və insan hər saniyə o ana doğru sürətlə yaxınlaşır. Hər kəsin ölümünün yeri, zamanı və necə öləcəyi qədərdə müəyyənləşdirilmişdir.

Buna baxmayaraq, insanların bir qismi ölümün Allahın ona səbəb olaraq yaratdığı hadisələr zəncirinin bir nəticəsi olduğunu düşünür. Hər gün qəzetlərdə ölüm xəbərlərini oxuyur və “əgər tədbir görülsə idi, belə olmazdı; belə edilsə idi, ölməzdi” kimi cahil məntiqlər irəli sürürlər. Halbuki hər insan özünə verilmiş müddətdən nə bir saniyə əskik, nə də bir saniyə artıq yaşaya bilər. İmanın verdiyi şüurdan uzaq olan insanlar isə hər hadisədə olduğu kimi, ölümün də təsadüfən baş verdiyini düşünürlər. Allah Quranda tamamilə inkarçılara xas olan bu yanlış fikirdən möminlərin uzaq olmalarını belə bildirir:

Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: 'Əgər onlar bizim yanımızda olsa idilər, nə ölər, nə də öldürülərdilər'– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (belə) etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür. (Ali İmran surəsi, 156)

Ölümün təsadüfən baş verdiyini düşünmək böyük ağılsızlıqdır və bu, yuxarıdakı ayədən də aydın olduğu kimi, insana böyük mənəvi əzab və dözülməz sıxıntı verir. İnkarçılar qohumları və sevdikləri vəfat etdikdə bu böyük əzabı yaşayırlar. Ölən insanın, əslində, qurtuluş ehtimalı olduğunu, amma bədbəxt hadisə, tədbirsizlik kimi hallara görə vaxtından əvvəl öldüyünü düşünürlər. Bu düşüncə də onların üzgünlük, peşmançılıq və əzablarının qat-qat artmasına səbəb olur. Çəkdikləri bu sıxıntı və əzab, əslində, inamsızlıqlarından qaynaqlanan əzabdan başqa bir şey deyil.

Halbuki bu hadisənin çox önəmli bir sirri vardır. Ölümün səbəbi nə qəza, nə xəstəlik, nə də başqa bir şeydir. Bütün bu səbəbləri yaradan Allahdır. Qədərimizdə müəyyənləşən müddət bitdikdə yuxarıda sadalanan səbəblərdən hansısa birinə görə həyatımız sona çatır. Belə ki, insan əlindəki bütün maddi imkanlarını vermək istəsə də, özü üçün müəyyənləşmiş ölüm zamanından bir an belə artıq yaşaya bilməz. Quranda bu ilahi qanun belə xəbər verilir:

Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür... (Ali İmran surəsi, 145)

Qədər anlayışındakı yanlışlıq

Xalq arasında qədər haqqında bir çox yanlış fikirlər mövcuddur. “Qədərinə qalib gəlmək”, “qədərini dəyişdirmək” kimi yanlış məntiqlər cəmiyyətdə geniş yayılmışdır. Bəzi insanlar gözləntilərini və fərziyyələrini qədər zənn edir, bunların gerçəkləşmədiyini gördükdə isə qədərin olduğu kimi getmədiyini, dəyişdiyini düşünürlər. Bu ağılsız davranışlarının səbəbi isə sanki qədəri əvvəlcədən oxumaları, hadisələrin oxuduqları kimi baş verməməsidir. Bu cür yanlış və əsassız məntiqlər qədərin mənasının tam olaraq qavranılmamasından irəli gəlir. www.zamangercegi.com

Qədər zaman və məkanı yoxdan var edən və bunları tamamilə Öz nəzarətində və hakimiyyətində saxlayan, zamana və məkana tabe olmayan Allahın keçmiş və gələcəkdəki bütün hadisələri zamanın olmadığı ölçüdə müəyyən etməsi və yaratmasıdır. Baş vermiş və verəcək bütün hadisələr anbaan, detalları ilə Allah qatında planlanaraq yaradılmışdır.

Zamanı Allah yaratmışdır, buna görə də O, zamana bağlı deyil. Allah qatında hər şey bəllidir. Necə ki, bir filmi seyr edərkən insanın o filmdə hansısa bir səhnəni dəyişdirməyə gücü və imkanı çatmırsa, insanların da tabe olduqları qədər üzərində heç bir təsirləri ola bilməz. İnsanlar qədər haqqında deyil, qədər insanlar haqqında hadisələri müəyyənləşdirir. Hər şeyi ilə qədərin bir parçası olan insan o qədərdən müstəqil şəkildə davrana bilməz. Qədərin xaricinə çıxa bilməz. Bu, bir video kasetdəki filmdə rol oynayan aktyorun kasetdən kənara çıxıb, videonu izləməsi və kasetdə bəzi hissələri silib, bəzilərini əlavə edərək dəyişikliklər etməsinə bənzəyir. Lakin bu, qeyri-mümkündür.

Qədərə qalib gəlmək, qədəri dəyişdirmək mümkün deyil. Unudulmamalıdır ki, “mən qədərimi dəyişdirdim” deyən insan da, əslində, qədərində yazılmış cümləni söyləyir.

Bunu bir nümunə ilə açıqlayaq: Bir insan günlərcə komada qala bilər, komadan oyanması qeyri-mümkün görünə bilər. Amma həmin insanın gözlənilənin əksinə olaraq yenidən sağalması onun “qədərinə qalib gəldiyi”, ya da həkimlərin onun “qədərini dəyişdirdiyi” dəyişdirdiyi demək deyil. Bu hadisə o insanın qədərində onun üçün müəyyənləşmiş müddəti tamamlamadığını göstərir. Bu hadisə də o insanın qədərində əvvəlcədən yazılmışdır. Hər hadisə kimi xəstələnməsi və yenidən sağalması da Allah qatında yazılıb müəyyənləşdirilmişdir. Bir ayədə Allah belə buyurur:

Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

İnsanlar arasında geniş yayılan başqa yanlış fikir də var: 80 yaşında bir insanın ölümü “əcəl”, kiçik uşağın, gənc bir insanın, ya da orta yaşlı birinin ölümü isə “gözlənilməyən hadisə”dir. Bu yanlış məntiqlə düşünən insanlar ölümü qəbul edib, adi qarşılaya bilmək üçün öz müəyyənləşdirdikləri bəzi şərtlərin olmasını istəyirlər. Uzun müddət davam edən ağır xəstəliyin nəticəsi olaraq baş verən ölüm bu qafil insanlar tərəfindən, adətən, normal qarşılanır, amma ani bir xəstəlik nəticəsində ölmək bu insanların fikrinə görə vaxtsız ölümdür. Buna görə də çox vaxt ölümü üsyankar ruh halı ilə qarşılayırlar. Bu yanlış məntiq Allahın ədalətinin, sonsuz mərhəmətinin, hər şeyi xeyir və hikmətlə yaratdığının tam olaraq təqdir edilmədiyini göstərir. Bu psixologiyaya sahib olan hər kəs Allaha səmimi təslim olmadığı üçün dünya həyatında daima sıxıntı və kədər içində yaşamağa məhkum olacaqdır.

Reinkarnasiya inancı

Ölüm haqqında geniş yayılmış batil inanclardan biri də reinkarnasiya inancıdır. Bu inanca görə, insan öldükdən sonra bir neçə dəfə dirilərək fərqli yerlərdə və fərqli vaxtlarda müxtəlif şəxsiyyətlərlə dünyaya yenidən gəlir. Bu, istər iman gətirməyənlər, istərsə də müxtəlif batil inanclara inananlar arasında son vaxtlar geniş yayılan azğın fikirə çevrilmişdir.

Dini inancı olmayan insanların şüur altındakı ölümdən sonra yox olma qorxusu bu cür batil inancların tərəfdar toplamasının başlıca səbəbidir. İnancı zəif insanlar isə dünyada etdiklərinin qarşılığı olaraq axirətdə Cəhənnəm kimi bir cəza ilə qarşılaşacaqlarını bildikləri və ya ehtimal etdikləri üçün öldükdən sonra axirətə getmək həqiqətindən narahat olurlar. Hər iki düşüncədə olan insanlar üçün öldükdən sonra dəfələrlə dünyaya yenidən gəlmək sevindirici haldır. Buna görə də bir qisim insanlar heç dəlil axtarmadan reinkarnasiya kimi cəfəngiyyatı sevərək mənimsəyirlər.

Müsəlmanlardan aydın fikirli, intelektual, uzaqgörən kimi görünmək istəyən bəzi şəxslər da bu azğın düşüncəni dəstəkləyirlər. Bu insanlar “dillərini əyib bükərək” Quran ayələrini azğın iddialarına dəlil kimi göstərməyə çalışırlar. Burada vurğulamaq istədiyimiz əsas məsələ bu azğın inancın Quranın açıq ayələrinə və İslama tamamilə zidd olmasıdır.

Reinkarnasiyanın Quranda mövcud olduğunun sübut kimi göstərildiyi ayələrdən biri Mömin surəsinin 11-ci ayəsidir. Ayədə belə bildirilir:

Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı?' (Mömin surəsi, 11)

Reinkarnasiyanı dəstəkləyənlər bu ayədə insanın dünyada bir dəfə yaşayıb öldükdən sonra yenidən dirildilərək ikinci həyata başladığını, beləcə, ruhunun inkişafını tamamladığını və bu ikinci həyatında ikinci ölümündən sonra axirətdə dirildildiyini iddia edirlər.

Halbuki ayədən insanın iki dəfə ölü, iki dəfə diri halı olduğunu öyrənirik. Üçüncü ölü, ya da diri halının olması mümkün deyil. Buradan belə bir sual ağıla gəlir: insan əvvəlcə ölü, yoxsa diri olur? Bu sualın cavabı isə Bəqərə surəsinin 28-ci ayəsində bildirilir:

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O, sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)

Ayə açıqdır; insan əvvəl ölü olur, yəni ilk yaradılışı başlanğıcda ayələrdə də bildirilən torpaq, su, palçıq kimi cansız maddələrdən ibarətdir. Daha sonra Allah bu cansız yığıma “nizam içində surət verib” dirildir. Birinci ölüm və birinci dirilmə baş verir. Birinci dəfə dirilmədən müəyyən bir müddət sonra insanın yaşama müddəti bitir və o, yenidən öldürülür, ilk ölümündə olduğu kimi, torpağa geri qayıdır, çürüyüb toza çevrilir. Bu da, ikinci dəfə ölümüdür. Bundan sonra isə ikinci və sonuncu dəfə dirilməsi qalır. Bu da axirətdəki dirilməsidir. İkinci və sonuncu dəfə dirilməsi axirətdəki dirilmə olduğuna görə dünya həyatında ikinci dəfə dirilməsi mümkün deyil. Reinkarnasiya inancına görə artıq üçüncü dəfə də dirilmə olmalıdır, halbuki belə bir vəziyyətdən heç bir ayədə bəhs edilmir. Məlum olduğu kimi, nə Mömin surəsinin 11-ci ayəsində, nə də Bəqərə surəsinin 28-ci ayəsində insanın dünyada bir dəfədən artıq dirildilməsi ilə bağlı bir məna anlaşılmır. Tam əksinə, bir dəfə dünyada, bir dəfə də axirətdə dirilmənin olduğunu ayələrdən açıq şəkildə anlayırıq.

Bundan başqa, Qurandakı bir çox ayələr də yalnızca bir dünya həyatı olduğunu və insanın burada imtahan edildiyini göstərir. Məsələn, ölümdən sonra yenidən dünyaya qayıtma imkanının olmadığı, Allahın buna qətiyyən izn verməyəcəyi ayələrdə belə bildirilir:

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: 'Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm'. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. (Muminun surəsi, 99-100)

Ayədə insanın öldükdən sonra yenidən dünyaya qayıtma, əməllərini düzəltmə imkanının olmadığı bildirildiyi halda, inkarçıların bunun əksinə olaraq ikinci dəfə dirilmə və dünyaya qayıtma istəkləri diqqət çəkir. Allah bu fikrin əsassız olduğunu və sadəcə inkarçıların uydurduğu boş söz olduğunu açıq bildirir.

Başqa ayələrdə də Cənnətdəkilərin ilk ölümdən başqa bir ölüm dadmayacaqları belə bildirilir:

Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur – sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 56-57)

Cənnət əhlinin birinci ölümdən başqa ölüm dadmayacaqları üçün yaşadıqları sevinc digər bir ayədə belə bildirilir:

Doğrudanmı biz bir daha ölməyəcəyik –ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?' (Saffat surəsi, 58-59)

Yuxarıdakı ayələrdə insanın yalnızca bir dəfə öldüyü çox açıq şəkildə vurğulanır. Belə bir sual ağlınıza gələ bilər: əvvəlki ayələrdə iki ölümdən bəhs edildiyi halda, nəyə görə burada yalnızca bir ölümdən başqa ölüm olmayacağı bildirilir? Bu sualın cavabı Duxan surəsinin 56-cı ayəsində ölümü “dadmaq” ifadəsində ortaya çıxır. Çünki insanın şüurlu olaraq yaşadığı, qarşılaşdığı, dərk etdiyi ilk və tək ölüm vardır. O da dünya həyatının sona çatdığı an qarşılaşdığı ölümdür. İlk başda ölü olmazdan əvvəl diri olmadığı, dolayısı ilə anlama və şüur kimi xüsusiyyətləri olmadığı üçün bu birinci ölümünü dərk etməsi, bunu hiss etməsi, əlbəttə ki, mümkün deyil.

Quranda açıq bildirilməsinə baxmayaraq, dünyada bir dəfədən artıq ölmə, dirilmə, yeni bədənlərə sahib olma kimi halların olduğunu iddia etmək Quranın açıq ayələrini rədd etmək deməkdir.