İnsanlar xudbin varlıq olaraq yaradılmışdır. Məsələ öz mənfəətləri olduqda olduqca həsssas davranırlar. Hər şeydə öz mənfəətlərini ən incə detallarına qədər düşünən və hesablayan insanın ölümə laqeyd yanaşması isə olduqca qəribədir. “Yəqinliklə iman gətirməyənlər”ə xas olan bu ruh halını Allah Quranda “qəflət” kəlməsi ilə təsvir etmişdir.
Qəflət insanın şüuru bağlı olduğu üçün gerçəkləri tam olaraq anlamaması, hadisələri düzgün dəyərləndirməməsi və buna görə də doğru hərəkətlər etməməsidir. Bir ayədə Allah belə buyurur:
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər. (Ənbiya surəsi, 1)Ölümcül, əlacsız xəstəliyə tutulan bir insanın öləcəyinə hər kəs real baxır. Bu insanlar qəflətdə olduqları üçün özlərinin öləcəyini ağıllarına belə gətirmirlər. Halbuki bəlkə də ölümlə bu ölümcül xəstədən daha tez, hətta heç düşünmədikləri bir anda qarşılaşacaqlar.
Ölüm döşəyindəki bir xəstə üçün xəstənin bütün qohumları narahat olurlar. Amma bir gün mütləq öləcəklərini düşünmədikləri üçün özlərinə görə qətiyyən narahat olmurlar. Halbuki bu hadisə mütləq baş verəcək. Bunun yaxın və ya uzaq olması bu gerçəyi dəyişdirmir.
İnsanlar ölüm ayağında olan xəstələr üçün narahat olurlarsa, təkcə ölüm anında deyil, hər zaman narahat olmalıdırlar, ya da içində olduqları qəflət pərdəsini yırtmalı, ölümün gerçək mənasını qavramalıdırlar.
Bunun üçün də əvvəlcə qəflətin səbəblərini öyrənmək lazımdır.
- Təfəkkür və ağıl əskikliyi: bəzi insanlar ciddi məsələlər barədə düşünməyə çox alışmayıblar. Düşünmədən yaşamağa alışdıqları üçün ölümü də özlərindən çox uzaq görürlər. Gündəlik problemlərin beyinlərini kifayət qədər məşğul etdiyini düşünürlər. Əhəmiyyətsiz məsələlərlə o kiçik beyinlərini doldurur, sadə problemlər içində boğulur və ölüm kimi mühüm mövzuları düşünə bilmirlər. Kiminsə ölümü ilə qarşılaşdıqda və ya ölümlə bağlı söhbət açıldıqda isə “Allah uzaq etsin, Allah heç kimin başına gətirməsin....” kimi ifadələrlə özlərinə təsəlli verir, söhbəti ən qısa zamanda bağlamağa çalışırlar.
- Həyatın xaos və hərəkətliliyi: həyat elə axıcı və hərəkətlidir ki, özünü hadisələrin axışına buraxan insan düşünməsə, sonda qarşılaşacağı ölüm gerçəyini qulaqardına vura bilər. Bu vəziyyət xüsusilə iman gətirmədiyi üçün qədər, təvəkkül, Allaha təslim olmaq kimi anlayışlara yad olan insanlara aiddir. Bu cür insanlar özlərini tanıdıqları andan etibarən öz ifadələri ilə desək, “dünyalarını qurtarmağa” çalışırlar.
Bu cür insanlar hər zaman yeni dünyəvi planlar, mənfəətlər, hədəflər ardınca qaçırlar. Bunlarla məşğul olduqları üçün ölümü düşünməyə imkan belə tapmırlar. Buna görə də ölümlə heç düşünmədikləri anda hazırlıqsız və təəccüblü şəkildə qarşılaşırlar. Amma artıq çox gec olur. www.gaflettehlikesi.com
-Doğum yanılması: qəflətin səbəblərindən biri də hər gün yeni insanların doğulmasıdır. Hər gün doğumlar və ölümlər olur. Yer üzünün nüfuzu heç əskilmir, hətta gündən-günə artır. İnsanlar bu vəziyyətə alışdıqları üçün sanki doğumlar ölümləri bərpa edirmiş, həyat beləcə tarazlanırmış kimi yanlış bir fikirə düşürlər. Bu da ölümlə bağlı qəflətin yaranmasına səbəb olur. Halbuki bu andan etibarən heç bir doğumun baş verməyəcəyini, insanların bir-birlərinin ardınca öldüklərini və dünya nüfuzunun sürətlə azaldığını görsək, məhz o zaman ölüm dəhşəti tam şəkildə hiss edilər və insanlar ətraflarındakı insanların bir-bir əskildiyini görərək qaçılmaz sonun mütləq özlərinin də başlarına gələcəyini anlayarlar. İllər keçsə belə, insanlar növbəti gün sıranın özlərinə də gəlib-gəlməyəcəyi qorxusu ilə yatarlar. Ölüm bir an belə ağıllarından çıxmaz.
Halbuki işin əsli bundan fərqli deyil. Yeni doğulanların öləcək insanlara heç bir təsiri yoxdur. Bu, yalnızca psixoloji yanılmadır. 150 il əvvəl yaşayanların heç biri bu gün həyatda deyil. Onlardan əvvəl doğulanların da onların əcəllərinə heç bir faydası olmayıb. 100 il sonra da indi yaşayan insanların demək olar ki, heç biri qalmayacaq. Çünki dünya bir növ dayanacaqdır, daima dolur, boşalır.
Ölümü unutduran və qəfləti yaradan səbəblərdən başqa insanların öz-özlərinə təsəlli vermək üçün istifadə etdikləri müdafiə mexanizmləri də vardır. Bu özünü müdafiə metodlarını bir neçə maddələr şəklində sadalaya bilərik:
- Yaşlılıq dövrünə saxlama düşüncəsi: bu müdafiə mexanizmi gənclərdə və orta yaşlılarda görülür. Bu düşüncədə olan insan, adətən, 60-70 il yaşayacağını hesablayır və ömrünün yalnız son illərini bu mövzulara ayırmağa qərar verir. Beləcə, ölümə və axirətə hazırlanmaq üçün həyatından bir pay ayırdığını düşünür və vicdanını rahatladır.
Halbuki bir saniyə sonra belə yaşayacağının zəmanəti olmayan, daha nə qədər yaşayacağını, harada və nə vaxt öləcəyini əsla bilməyən insanın belə uzunmüddətli, nəticəsi bilinməyən planlar qurması böyük cəhalətdir. Hər gün ətrafında özü ilə həmyaşıd, hətta daha gənc olan bir çox insanlar ölür. Qəzetlər ölüm elanları ilə dolur. Hər gecə televiziyalardan bir çox ölüm xəbərlərini eşidir. Çox vaxt yaşından asılı olmayaraq öz qohumlarının ölümlərinə şahid olur. Amma bir gün, hətta bəlkə də sabah ətrafındakı insanların öz ölümünə şahid olacaqlarını, öz ölüm elanını oxuyacaqlarını ağlına gətirmir. O gözlədiyi yaşlılıq vaxtına qədər yaşasa belə, heç nə dəyişməyəcək, zehniyyətini dəyişdirmədiyi müddətdə ölümlə qarşılaşana qədər təxirə salma məntiqini davam etdirəcək. Allah bir ayədə belə buyurur:
Təxirə salmaq ancaq küfrü artırır...(Tövbə surəsi, 37)-Cəhənnəmdə cəzamı çəkib, çıxaram” düşüncəsi: bu fikir cəmiyyətdə olduqca geniş yayılmışdır. Quranda heç bir ayədə Allahın diləməsindən başqa heç kəsin Cəhənnəmdə cəza çəkib, sonra bağışlanaraq Cənnətə getməsindən bəhs edilmir. Tam əksinə, mövzu ilə bağlı bütün ayələrdə Qiyamət günü möminlərin və inkarçıların mütləq ayrılacaqları, möminlərin əbədilik Cənnətə girəcəkləri, inkarçıların isə Cəhənnəmə, şiddətli əzaba sürüklənəcəkləri və Allah diləmədikcə oradan çıxa bilməyəcəkləri bildirilmişdir:
Onlar dedilər: 'Od bizə ancaq bir neçə gün toxunacaq!' De: 'Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?' Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir¬. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)Başqa bir ayədə isə belə bildirilir:
Bu, onların: 'Od bizə ancaq bir neçə gün toxunar!'– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı. (Ali İmran surəsi, 24)Cəhənnəm insanın ağlına gətirə bilməyəcəyi qədər ağır işgəncələr çəkəcəyi, Allahın “Qəhhar”, “Cabbar” sifətlərinin ən şiddətli təzahür etdiyi və dünyadakı heç bir əzabla müqayisə edilə bilinməyəcək əzablarla dolu, qorxunc bir yerdir. Barmağının ucu yananda belə əziyyət çəkən aciz insanın bu cür işgəncəyə laqeyd yanaşması, müəyyən müddətlik belə olsa, o əzabı çəkməyə razı olması onun nə qədər ağılsız olduğunu göstərir. Allahın əzabını əhəmiyyətsiz sayan, sonsuz əzab çəkmə ehtimalını rahat görən bir insanın Allahın qədrini lazımınca təqdir etmədiyi və nə dərəcədə cahil olduğu açıqdır. www.cehennemcennet.com
-“Mən onsuz da Cənnətə gedəcəyəm” düşüncəsi: mütləq Cənnətə gedəcəklərini iddia edən insanlar var. Dünyada yaxşılıq kimi bildikləri bəzi kiçik şeyləri edərək və pislik olaraq bildikləri bəzi şeylərdən uzaq duraraq Cənnətə gedəcəklərini zənn edirlər. Xurafatlarla dolu cəfəngiyyatlardan başqa bir şey bilməyən bu insanlar Quranda təsvir edilən gözəl əxlaqla heç bir əlaqəsi olmayan, özlərinin uydurduqları din anlayışına sahibdirlər. Soruşulanda özlərini “müsəlman” olaraq tanıdırlar. Halbuki Qurana görə bu inanca sahib insanlar Allaha bir çox şeyləri şirk qoşduqları üçün gerçək müsəlman deyillər. Kəhf surəsində bu cür insanlar haqqında belə bildirilir:
Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: 'Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!'– dedi. O özünə zülm edərək bağına daxil olub dedi: 'Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!' Onunla söhbət edən yoldaşı isə dedi: 'Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! (Kəhf surəsi, 32-38)Yuxarıdakı ayələrdə bəhs edilən bağ sahibinin “Rəbbimin dərgahına qaytarılmalı olsam” ifadəsi onun Allaha və axirət gününə qəti iman gətirmədiyini və bu barədə şübhə içində olduğunu göstərir. Buna baxmayaraq, özünün üstün dərəcəli mömin olduğunu və əminliklə Allahın onu Cənnətlə mükafatlandıracağını iddia edir. Bu gün də bu zehniyyətdə olan bir çox insan var.
Bu insanlar Allaha qarşı səmimiyyətsiz olduqlarını, əslində, özləri də bilirlər. Amma bu gerçək onlara xatırladıldıqda bunu qəbul etmir və dərhal özlərinə bəraət qazandırmağa çalışırlar. Din əxlaqını yaşamağın əhəmiyyətsiz olduğunu iddia edir, məhəllədəki dindar kimi görünən insanların, əslində, nə qədər namussuz, əxlaqsız olduğunu iddia edərək özlərini məsum göstərməyə çalışırlar. Qəlblərinin təmiz olduğunu, heç kimin pisliyini istəmədiklərini, heç kimin malında, mülkündə, ailəsində gözləri olmadığını söyləyərək “yaxşı insan” olduqlarını sübut etməyə çalışırlar. Dilənçilərə sədəqə, qonşuya pay verdiklərini, illərlə gecə-gündüz çalışaraq insanlara xidmət etdiklərini, bundan daha yaxşı müsəlmanlıq olmadığını iddia edirlər.
Səmimiyyətsizliklərini göstərən ən əsaslı dəlil isə azğın din anlayışlarına əsas tapmaq üçün bəzi bəhanələr etmələridir. Öz həyatlarının doğru olduğuna insanları inandırmaq üçün istifadə etdikləri “ən böyük ibadət çalışmaqdır”, “əsas olan qəlbin təmizliyidir” kimi ifadələr ən çox rast gəlinən nümunələrdəndir. Bu ifadələr Quranda bildirildiyi kimi, din haqqında mühakimə yürüdərək Allaha qarşı yalan söylədiklərini göstərir:
Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! (Saffat surəsi, 154-157)-İkili standart düşüncəsi: insanlar özlərini aldatmaq üçün başqa metoddan da istifadə edirlər. Ağıllarına ölüm gəldikdə sonsuzadək yox olacaqlarını düşünür və bunun dəhşətli qorxusu ilə Allahın vəd etdiyi sonsuz həyatın mövcud ola biləcəyinə 50 % ehtimal verirlər. Beləcə, qəlblərində bir növ ümid işığı yanır. Digər tərəfdən, Allahın onlara verdiyi bəzi məsuliyyətlər olduğunu xatırlayır və digər 50 % ehtimalı düşünürlər. “Onsuz da torpaq olub yox olacağam, ölümdən sonra həyat yoxdur” deyərək hesab vermə, Cəhənnəm əzabı ilə qarşılaşma kimi qorxu və narahatlıqlarını ört-basdır edirlər. Hər iki vəziyyətdə də qəflətin onlara verdiyi sərxoşluq hissi ilə ölümlə qarşılaşana qədər həyatlarını davam etdirirlər.
Ölüm insanlara yaşadıqları müddətdə özlərini xatırladır. Bəzən bu xatırlatmalar onlara fayda verir və onlar bəzi mövzuları yenidən nəzərdən keçirməli, həyata və hadisələrə baxış tərzlərini yenidən düzəltməli olduqlarını ciddi şəkildə düşünməyə başlayırlar. Bəzən də bəhs etdiyimiz müdafiə mexanizmindən istifadə edirlər. Beləcə, qəlblərinin və gözlərinin önündəki qəflət pərdəsi gündən-günə daha da qalınlaşmağa başlayır.
Bəzi inkarçıların yaşlandıqları və ölümlərinə çox az vaxt qaldığı halda, ölümü soyuqqanlılıqla, mənasız rahatlıqla gözləmələri nə dərəcədə böyük qəflətdə olduqlarını göstərir. Çünki ölüm onlara sadəcə gözəl, şirin bir yuxu, hüzur və sakitlik, əbədi rahatlıq kimi gəlir.
Halbuki onları yoxdan yaradan, sonra öldürüb, təkrar dirildəcək olan Allah onlara əzabla keçirəcəkləri əbədi həyatı, əbədi peşmançılığı və bədbəxtliyi vəd etmişdir. Onlar isə bu gerçəyi əbədi yuxuya getdiklərini düşündükləri anda görəcəklər və həmin zaman ölümün yox olma deyil, özləri üçün əzabla dolu yeni dünyanın başlanğıcı olduğunu başa düşəcəklər. Canlarını alan ölüm mələklərinin dəhşətli gəlişi o böyük əzabın ilk xəbərçisidir. Buna görə Quranda ölümdən sonrakı həyatı rədd edən inkarçılardan “Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq?” (Muhəmməd surəsi, 27) şəklində bəhs edilir. O zaman inkarçılar dünyadakı lovğa və təkəbbürlü davranışlarının qarşılığını acı, peşmanlıq, çarəsizlik və sonsuz əzabı yaşayaraq alacaqlar. Allah Quranda bunu belə bildirir:
Onlar deyirlər: 'Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?' Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: 'Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!' Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: 'Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!'(– deyəndə ) görəydin! (Səcdə surəsi, 10-12)Ölümdən qaçmaq olmaz!
İnsanlar xüsusilə gənclik dövrlərində ölümü ağlına belə gətirmək istəmirlər. Bunu son olaraq gördükləri üçün ölümü düşünməkdən qaçırlar. Düşünməmək onlar üçün ən rahat qaçış yoludur. Halbuki fiziki qaçış ölümə çarə olmadığı kimi, ölümü düşünməyərək ondan qurtulmaq da mümkün deyil. Əvvəlcə də bildirdiyimiz kimi, insan hər gün qəzetlərdə mütləq ölüm xəbərləri və ölüm elanları ilə qarşılaşır. Bəzən yolda gedərkən cənazə arabasını görür və ya qəbiristanlığın yanından keçir. Müəyyən müddət sonra qohumları və sevdikləri ölür. Onların dəfn mərasiminə getdikdə və evlərini ziyarət etdikdə mütləq ki, gerçəklə üzləşir. Başqalarının, xüsusilə sevdiklərinin ölümünü gördükcə öz əcəlini düşünür.
İnsan nə qədər müqavimət göstərsə də, haraya sığınsa və ya qaçsa da əslində, hiss etmədən öz ölümünə doğru qaçır. Qarşısında başqa bir qapı, seçim və ya çıxış yolu yoxdur. Geri sayım sürətlə davam edir. Hansı tərəfə dönsə, ölüm onu orada qarşılayacaq. Allahın qanununda heç bir dəyişiklik olmaz. Qədərdə müəyyənləşdirilmiş vaxtda və yerdə ölümlə qarşılaşar. Quranda Allah bu gerçəyi belə xəbər verir:
De: 'Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir'. (Cümə surəsi, 8) Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)Buna görə insan özünü aldatmamalı, gerçəkləri qulaqardına vurmamalı, Allahın qədərində müəyyənləşdirdiyi vaxtı ən yaxşı şəkildə dəyərləndirməlidir. Bu vaxtın nə zaman bitəcəyini isə yalnızca Allah bilir. www.olumkiyametcehennem.com