Doğulan və ölən iki insan düşünün. Nə yeni doğulan körpə, nə də ölən insan öz istəyi ilə dünyaya gəlir. Sadəcə Allah bu gücə sahibdir. Dilədiyi zaman yaradır, dilədiyi zaman da o canı geri alır. Bütün insanlar müəyyənləşdirilmiş müddətə qədər yaşayacaq, daha sonra öləcəklər. Quranda bu həqiqət belə bildirilir:
De: 'Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir'. (Cümə surəsi, 8)İnsanların əksəriyyəti ölümü düşünmək istəmir. Gündəlik məşğuliyyətlər də insanları fərqli şeylər düşünməyə vadar edir. Hansı məktəbdə oxuyacaqları, hansı işdə işləyəcəkləri, nə geyinəcəkləri, nə yeyəcəkləri onlar üçün daha vacibdir. Çünki həyatın bunlardan ibarət olduğunu düşünürlər. Ölümdən bəhs edildiyi zaman isə “ağzını xeyirə aç” kimi mənasız və ölümə mane ola bilməyən, dar düşüncənin məhsulu olan ifadələrlə söhbəti bağlamağa çalışırlar. Özlərinin yaşlandıqdan sonra öləcəklərini və yaşadıqlarından ən azı 50-60 il daha çox yaşayacaqlarını zənn edir, gənc yaşlarında bu cür cansıxıcı mövzularla məşğul olmaq istəmirlər. Hər gün qəzetlərdə, televiziya kanallarında ölümlə bağlı verilən bir çox xəbərləri izləyir və ya bir çox insanın ölümünə şahid olurlar. Lakin bir gün başqalarının da onların ölümlərinə şahid olacaqlarını, özlərinin də bu cür sonu yaşayacaqlarını düşünmürlər.
Halbuki ölüm insanı haqladıqda həyata dair bütün “həqiqətləri” alt-üst edir. Geridə sizə aid heç nə qalmır. Ölüm anında ruh bu aləmdən ayrılır, dünyada isə sadəcə cansız bədən qalır. Dəri dəyişdirən canlılar kimi ruh bədəni bu dünyada buraxır və əsl həyata, axirətə gedir.
Amma geridə qalan bədənin qarşılaşacağı da ibrətvericidir, xüsusilə bu bədənə dünyada ikən həddindən artıq dəyər verənlər üçün.
İndiki vəziyyətinizi, gözlərinizin açılıb-bağlanmasını, bədəninizin hərəkət etməsini, danışa bilməyinizi, gülməyinizi, yəni bütün həyati funksiyalarınızı düşünün... Sonra isə öldükdən sonra hansı vəziyyətə düşəcəyinizi xəyalınızda canlandırın...
Bir gün öləcəksiniz. Bəlkə heç gözləmədiyiniz şəkildə. Çörək almaq üçün mağazaya gedərkən yolda qəza keçirəcəksiniz və ya amansız xəstəlik nəticəsində dünyanızı dəyişəcəksiniz. Bir anda ürəyiniz də dayana bilər və ölərsiniz.
O andan etibarən də bədəninizlə heç bir əlaqəniz qalmayacaq. Həyatınız boyu “mən” dediyiniz və sahibləndiyiniz o bədən adi ət parçasına çevriləcək. Öldükdən sonra bədəninizi başqa insanlar daşıyacaq. Sizə görə ağlayanlar “dünən burda idi”, “dağ kimi adam idi” deyəcəklər. Sonra o bədəni morqa qoyacaqlar. Orada bir gecə qalacaq. Növbəti gün dəfn üçün hazırlıqlar başlayacaq. Cansız bədəninizi soyuq su ilə yuyacaqlar. Ölümün izləri də artıq görünməyə başlayacaq, göyərmələr olacaq.
Daha sonra bədəninizi kəfənlə örtüb, taxta tabuta qoyacaqlar. Sonra isə o tabutu cənazə arabası ilə qəbiristanlığa aparacaqlar. Tabut qəbiristanlığa aparılarkən bəzi insanlar cənazə aparıldığı üçün hörmət göstərəcəklər, əksəriyyəti isə öz işində olacaq. Sonra insanlar qəbiristanlığa gələcəklər. Sizi sevənlər və ya sevirmiş kimi görünənlər tabutunuzu daşıyacaqlar. Ətrafda, ehtimal ki, yenə ağlayanlar, sızlayanlar olacaq. Sonra üstündə adınızın yazıldığı məzarın yanına gələcəklər. Bədəninizi tabutdan çıxardıb kəfənlə birlikdə məzarın içinə atacaqlar. Sonra sonuncu iş görüləcək. Kəfənə bürünmüş bədəninizin üzərinə bel ilə torpaq atacaqlar. Ağzınıza, burnunuza, boğazınıza, gözlərinizə torpaq dolacaq. Kəfənə bürünmüş bədəniniz yavaş-yavaş torpağın altında qalacaq. Biraz sonra isə işlərini bitirib, gedəcəklər. Qəbiristanlıq həmişəki səssizliyinə bürünəcək. Gedənlər öz həyatlarına geri qayıdacaqlar. Gömülən bədəniniz üçün isə artıq həyatın heç bir mənası qalmayacaq. Dünyadakı gözəl evlər, gözəl insanlar, gözəl mənzərələr bədəniniz üçün heç bir təsir bağışlamayacaq. Bədəniniz heç bir dostunuzla görüşə bilməyəcək. Bədəniniz üçün mövcud olan tək şey sadəcə torpaq, onun içindəki bakteriya və qurdlar olacaq.
Məzarınızı ziyarət edənlər əvvəl daha çox olacaq, sonra ildə bir dəfə, daha sonra isə heç olmayacaq. İllərlə istifadə etdiyiniz yataq otağınız, çarpayınız boş qalacaq. Cənazəniz götürüldükdən bir müddət sonra da əşyalarınız ehtiyacı olanlara veriləcək. Qohumlarınız mənzil istismar sahəsinə gedib sizin öldüyünüzü və qeydiyyatınızın artıq silinməsini söyləyəcəklər. Əvvəlcə bəlkə də xatırlayacaqlar sizi, arxanızca ağlayan insanlar olacaq. Amma bir neçə on il sonra “uzun ömür” yaşadığınız dünyada, demək olar ki, sizi xatırlayan heç kim qalmayacaq. Öldükdən sonra geridə qoyduğunuz bütün ailəniz və qohum-tanışlarınız da bu dünyadan köçdükləri üçün xatırlanıb-xatırlanmamaq da bir şey ifadə etməyəcək.
Dünyada bunlar olarkən torpağın altındakı bədəniniz isə sürətlə parçalanmağa başlayacaq. Torpağa qoyulmağınızdan dərhal sonra böcəklər və bakteriyalar bədəninizə yığışacaq. Qarnınızdakı qazlar artaraq şişəcək və bu şiş bədəninizin hər tərəfinə yayılaraq onu tanınmaz hala gətirəcək. Bundan sonra qaz diafraqmaya təzyiq göstərdiyi üçün ağzınızdan və burnunuzdan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə davam etdikcə tükləriniz, dırnaqlarınız, ovuclarınızın içi və dabanlarınız yavaş-yavaş məhv olacaq. Bunlarla birlikdə daxili orqanlarınız da çürüyəcək. Ən qorxunc hadisə isə bu zaman gerçəkləşəcək. Qarın bölgəsində toplanan qazlar dərini zəif yerindən partladacaq və bədəndən dözülməyəcək dərəcədə pis qoxular yayılacaq. Bu müddət ərzində başınız və əzələləriniz bədəninizdən ayrılacaq. Dəri və yumşaq hissələr tamamilə töküləcək və artıq skeletiniz görünəcək. Beyin tamamilə çürüyəcək və gilə çevriləcək... Cəsədiniz torpaq və sümük yığınına çevrilənə qədər bu proses beləcə davam edəcək.
Ölümdən əvvəlki həyatın bir saniyəsinə belə geri qayıtmaq üçün imkanınız olmayacaq. Ailənizlə görüşmək, dostlarınızla əylənmək, ən yüksək məqama çatmaq kimi şansınız da qalmayacaq. Bədəniniz məzarda çürüyərək skeletə çevriləcək.
Qısası, “mən” adlandırdığınız bədəniniz iyrənc şəkildə yox olub gedəcək. Siz, yəni gerçək ruh olan siz bu bədəni çoxdan tərk edəcəksiniz, geridə qalan bədəniniz isə məhv olacaq.
Bəs bütün bunların səbəbi nədir?...
Allah istəsəydi, insan bədənini öldükdən sonra bu vəziyyətə gətirməzdi. Amma bunun çox böyük mənası var.
Əvvəlcə insan, əslində, özünün bədən olmadığını, bədəninin yalnızca özünə geydirilmiş müvəqqəti qılıf olduğunu bu qorxunc sonu görərək anlamalı, bədəndən başqa bir varlığı olduğunu hiss etməlidir. Bundan başqa, insan bədəninin ölümünə baxmalı, bu müvəqqəti dünyada sanki sonsuza qədər qalacaqmış kimi sahibləndiyi və bütün arzularına boyun əydiyi bədəninin sonu haqqında düşünməlidir. O bədən bir gün mütləq torpağın altında çürüyəcək, qurdlanacaq və skeletə çevriləcəkdir. O gün bəlkə də çox uzaq deyil, bir addım irəlidədir...
Bəhs edilən bu gerçəklərlə birlikdə insanın ruhunda sevilməyən, istənilməyən şeyləri düşünməmək, yoxmuş kimi qəbul etmək kimi bir meyil vardır. Bu fikir xüsusilə ölüm mövzusu açıldıqda təsdiqlənir. Yuxarıda da bəhs etdiyimiz kimi, ölüm yalnız kiminsə ölümünü gördükdə və ya ölən kimsənin ölüm ili keçirildikdə xatırlanır. Demək olar ki, hər kəs ölümü özündən uzaq görür. Yolda yeriyərkən, yataqda yatarkən ölənlərin digər insanlardan fərqimi var? Yoxsa onlar “hələ gəncdir” və “uzun illər”mi yaşayacaqlar? Evindən məktəbə getmək üçün çıxan və ya vacib bir iclasa çatmağa çalışarkən qəza keçirən insan da, heç düşünmədiyi zamanda gözləmədiyi xəstəliklə ölən biri də ölməzdən əvvəl həmin düşüncədə ola bilər. Bir gün əvvəl yaşadıqları halda, növbəti gün qəzetlərdə hər kəsin onların ölüm xəbərlərini oxuyacaqlarını, böyük ehtimal ki, ağıllarına belə gətirməyiblər.
Maraqlıdır ki, siz bu sətirləri oxuduqdan sonra belə çox qısa müddət sonra ölə biləcəyinizi heç düşünməyə bilərsiniz. Hələ görüləcək işlərinizin olması bəlkə də ölümün sizin üçün hələ erkən və vaxtsız olduğunu düşünmənizə səbəb ola bilər. Halbuki bu, ölümdən qaçmaqdır və Allah bunun heç bir faydası olmadığını bildirmişdir:
De: 'Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz'. (Əhzab surəsi, 16)İnsanlar bilməlidirlər ki, bu dünyaya çılpaq gəliblər və çılpaq da gedəcəklər. Amma qəribədir ki, ehtiyaclarını qarşılamaq üçün onlara verilən nemətləri ağılsızlıqla sahiblənirlər. Onları əldə saxlamağı həyatlarının ən önəmli məqsədinə çevirirlər. Halbuki heç kim malını, mülkünü, ya da sahib olduğu digər şeyləri öldükdən sonra özü ilə apara bilmir. Nəticədə bədən bir neçə metrlik ağ parçaya örtülüb dəfn edilir. www.sahtedunya.com
İnsanlarla birlikdə axirətə gedən yeganə şey Allaha olan inancları və ya inancsızlıqlarıdır.