İnsan bütün həyatı boyu bir çox şeyi bəyənib, onları əldə etmək istəyir . Lakin bütün bu sayılanlara bir müddət keçdikdən sonra dönüb baxanda çox təəccüblənir...
Yaşadığımız dünyada insan gözünü hansı tərəfə çevirsə gözəlliklərlə qarşılaşır. Gördüyü şeyləri böyük heyranlıqla izləyir. Qüsursuz yaradılışdakı insan bədəni, milyonlarla növ bitki, tonlarla ağırlıqdakı buludları özündə saxlayan ucsuz-bucaqsız göy üzü və daha bir çox şey ruha zövq verəcək estetik bir görünüşlə yaradılmışdır. Gördüklərindən başqa, digər hisslərlə duyduğu bir çox təfərrüat da insana zövq verir. Gözəl bir qoxu, dad, ya da gözəl ritmli bir musiqi insanın ruhunu oxşayır. Budağından sallanan bir meyvə gözəl qoxusu və dadı ilə hər kəsin xoşuna gəlir. Bir çiçəyin fərqli tonlardan yaranan rəngləri, üzərindəki naxış olduqca zövq vericidir və ya gözəl bir insan üzü hər kəs tərəfindən bəyənilir. Gözəl bir ev, son model bir maşın dünyada ən çox arzu olunan nemətlərdəndir. İnsan bütün həyatı boyu bunlar kimi daha bir çox şeyi bəyənib, onları əldə etmək istəyir . Lakin bütün bu sayılanlara bir müddət keçdikdən sonra dönüb baxanda çox təəccüblənir. Çünki bu gözəlliklər dəyərini itirmiş, hətta görmək belə istəmədiyi bir vəziyyətə gəlmişdir. Allahın Quranda bizə bildirdiyi kimi dünyadakı bütün gözəlliklər keçicidir. Düşünən insanlar baxdıqları hər yerdə bu həqiqəti asanlıqla görə bilirlər. Yer üzündəki bir məkan nə qədər gözəl olursa olsun, aradan bir neçə il keçdikdən sonra tanınmaz hala gəlir. Məsələn, meyvə, budağından qopardıldıqdan qısa bir müddət sonra yavaş-yavaş qaralır, sonra gözəl qoxusunu itirir. Daha sonra da çürüyür və pis qoxu yaymağa başlayır. İnsan, canlı rəngləri və xoş qoxusu ilə onu məftun edən çiçəkləri alıb evinə gətirir və bir vaza qoyur; ancaq aradan bir gün keçmədən çiçəklərin rəngləri solur, canlılığı, təravəti itir. 2-3 gün sonra isə tamamilə qaralır və çürüyür. Dünyanın ən gözəl üzünə sahib olduğunu düşündüyümüz insanı 60 il sonra görsək, onu tanımaqda çətinlik çəkə bilərik. Qocalmış, üzü qırışlar içində qalmış, saçları ağarmışdır. Qısası, əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdır. Ev dağılmış, maşının modeli köhnəlmiş, bəzi hissələri isə çoxdan paslanmışdır. Nəticə olaraq dünyada insanın ətrafında gördüyü hər şey qısa zamanda məhv olmağa başlayır. Bu çox insana təbii gəlir. Halbuki burada çox dərin bir məna gizlidir. Ətrafımızdakı hər şey davamlı olaraq xarab olmağa, köhnəlməyə, çürüməyə doğru gedərək, bizə əslində çox mühüm bir həqiqəti göstərirlər. Bu, dünyanın keçici və aldadıcı bir xəyal olduğu həqiqətidir. Dünyadakı bütün heyvanlar, bitkilər, insanlar, yəni yer üzündəki bütün canlılar ölümlüdür. İnsanın bu böyük həqiqətin əhəmiyyətini qavraya bilməməsinin səbəbi ölən insanların və heyvanların yerinə yenilərinin doğulması, təbiətdə hər il yeni məhsulların yetişməsidir. Bu həqiqəti qavraya bilməyən insan, ölümlü şeylərə lazım olduğundan artıq dəyər verir, onlar üçün bir çox şeyini fəda edir . İstədiyi şeylərə "sahib olmaq" hərisliyi ilə yaşayır. Halbuki hər şeyin tək sahibi Allahdır. O dilədiyi müddətcə canlılar var olur, dilədiyi anda da yox olur, ölürlər. Təbiətdə hər şey zamanla məhv olur. Dünya həyatının həqiqəti də məhz budur. Allah, insanların dünyanın bu aldadıcı yönünə aldanmamaları, bu həqiqəti düşünmələri üçün Quranda müxtəlif örnəklər vermişdir:
Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsul olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. (Yunus surəsi, 24)Ayədə bildirildiyi kimi dünyada gözəl olan nə varsa bir gün gözəlliyini itirəcək və hətta yox olacaq. Ancaq bunu bilmək kifayət etmir; bu həqiqətin üzərində dərin düşünmək lazımdır. Çünki Allah bu cür örnəkləri "düşünən insanlar" üçün açıqladığını bildirmişdir. İnsan ağıl sahibi bir varlıq olaraq, düşünmək, düşündüklərindən nəticə çıxarmaq və həyatının məqsədini tapmaqla məsuliyyət daşıyır. "Düşünmək" kimi mühüm xüsusiyyəti üzərində daşımayan insanın isə heyvandan heç bir fərqi yoxdur. Heyvanlar da doğulurlar, böyüyürlər, çoxalırlar, özlərinə görə bir həyat yaşayırlar. Amma necə və niyə yaradıldıqlarını, bir gün öləcəklərini, öldükdən sonra necə bir həyatla qarşılaşacaqlarını düşünmürlər. Dünyanın əsl üzünü görüb, gerçək məqsədini qavrayıb anlamağa çalışmırlar. Əlbəttə, heyvanların belə davranması təbiidir, çünki onlar "ağıl sahibi" olaraq yaradılmamışlar. Yaradıcının varlığını qavramaq, yaradılışın qayəsini araşdırmaqla məsuliyyət daşımırlar. Ancaq insan məsuliyyət daşıyır; Rəbbini tanımalı, Onun özündən istədiklərini öyrənib tətbiq etməli, gerçək yurdunun dünya olmadığını, dünyanın "göz açıb yumana qədər" itib yox olacaq bir həyat olduğunu anlamalıdır. Bu gerçəkləri qavrayan insanın niyyət və məqsədi əsl yurd olan axirətə hazırlıq görmək, həyatını yalnız Allahı razı salacaq yollar axtararaq keçirmək olacaqdır.